Menecerlər "Tesla"nı tərk edir

Dünya

27.06.2025 14:50

"Tesla"nın Şimali Amerika və Avropada satışlara cavabdeh olan yüksək vəzifəli meneceri Omid Afşar şirkətdən istefa verib.

TodayPress TV xəbər verir ki, bu barədə "The Financial Times" (FT) məlumat yayıb.

Afşar bu vəzifəyə ötən il təyin olunsa da, 2017-ci ildən bəri İlon Maskla çalışıb. O, kütləvi ixtisarlar da daxil olmaqla mürəkkəb idarəetmə məsələlərinin həllində mühüm rol oynayıb.

FT-nin digər məlumatına görə, "Tesla"nın Şimali Amerika bölməsinin insan resursları direktoru Cenna Ferrua da şirkətdən ayrılıb.

Bu istefalar, "Tesla"nın satış və mənfəət göstəricilərindəki azalmaların, həmçinin artan rəqabət, yeni model çatışmazlığı və şirkət rəhbəri İlon Maskın siyasi aktivliyinin yaratdığı narazılıqlar fonunda baş verib. Xüsusilə Maskın ABŞ prezidenti Donald Trampın administrasiyasında iştirakı və siyasi fəaliyyəti həm ABŞ, həm də Avropada tənqidlərə səbəb olub.

Töhfə Səməd 

tag: Tesla,Şimali Amerika,Avropa,Menecer,Todaypress.tv,