Finlandiya Rusiyanın tanker ekipajına ittiham irəli sürdü
Dünya
11.08.2025 15:27
Finlandiya Baltik dənizində elektrik və rabitə kabellərinə ziyan vurmaqda şübhəli bilinən "Eagle S" tankerinin kapitanı və iki köməkçisinə rəsmi ittiham irəli sürüb.
TodayPress TV xəbər verir ki, bu barədə "Yle" məlumat yayıb.
Onlar infrastruktura zərər vurmaqda və telekommunikasiyanı pozmaqda təqsirləndirilirlər.
İttiham tərəfinin iddiasına görə, hadisə Finlandiya və Estoniya arasında yerləşən "EstLink 2" elektrik ötürücü xəttinə və dörd sualtı rabitə kabelinə ciddi ziyan vurub. Təmirin ümumi xərci azı 60 milyon avro təşkil edib.
Tankerin ekipaj üzvləri özlərini təqsirli bilmədiklərini bildirirlər. Müdafiə tərəfi isə hadisənin Finlandiyanın ərazi sularından kənarda baş verdiyini əsas gətirərək, işin Finlandiya məhkəməsində aparılmasının hüquqi əsasının olmadığını qeyd edir.
Qeyd edək ki, "EstLink 2" kabeli 2024-cü ilin dekabrında sıradan çıxıb. Finlandiya polisi Kuk adalarının bayrağını daşıyan "Eagle S" tankerini məsuliyyətə cəlb edib. Lakin mart ayında beş ekipaj üzvünün həbsi ləğv edilib və onlara ölkəni tərk etməyə icazə verilib.
Finlandiya gömrük xidməti isə əlavə sübut təqdim etmədən gəminin Rusiyanın enerji resurslarının daşınmasında iştirak edə biləcəyini ehtimal edib.
Türkan İsgəndərli
tag: Finlandiya,Tanker,Estoniya,Rusiya,Todaypress.tv,