Litva Rusiya və Belarusla sərhəddə "əjdaha dişləri" yerləşdirdi

Dünya

30.08.2025 17:30

Litva ordusu Rusiyanın Kalininqrad vilayəti və Belarusla sərhəddə istifadəsiz buraxılmış sərhəd-keçid məntəqələrinin ətrafında yollarda mühəndis maneələri – tikanlı beton bloklar, yəni "əjdaha dişləri" yerləşdirib. 

TodayPress TV xəbər verir ki, bu barədə Baltikyanı respublikanın Silahlı Qüvvələrinin komandanlığı məlumat yayıb.

Litva Silahlı Qüvvələrinin komandanı general Raimundas Vaykşnoras bildirib ki, bu addım Baltik ölkələrinin müdafiə xəttinin bir hissəsi olaraq həyata keçirilən əks-hərəkətlilik planına daxildir.

"Biz sərhəddə taktiki səviyyədə mühəndis maneələrinin quraşdırılması ilə başlayırıq. Bu addım daha geniş müdafiə möhkəmləndirməsi ssenarisinin bir hissəsinə çevriləcək", - deyə general vurğulayıb.

Litva ordusu “əks-hərəkətlilik” termini ilə mümkün düşmən qüvvələrinin hərəkət imkanlarını məhdudlaşdırmaq üçün istifadə olunan mühəndis tədbirlərini nəzərdə tutur.

Məlumata görə, bu maneələr birbaşa yol üzərində quraşdırılıb. Hazırda fəaliyyət göstərən sərhəd-keçid məntəqələrində isə onlar yolun kənarında yerləşdirilib ki, zərurət yarandıqda hərəkət qısa müddətdə tamamilə dayandırıla bilsin.

Töhfə Səməd

tag: Litva,Rusiya,Belarus,Əjdaha dişi,Todaypress.tv,