Kopenhagendə dron insidenti hava limanının fəaliyyətini iflic etdi

Dünya

23.09.2025 12:08

Kopenhagen hava limanında bazar ertəsi gecə iki-üç böyük naməlum dronun uçması səbəbindən hava məkanı saatlarla bağlanıb. 

TodayPressTV "Associated Press"ə istinadən xəbər verir ki, polis sərnişinlərin təhlükəsizliyi üçün dronlara müdaxilə etməyib.      

Baş polis müfəttişi Jes Jespersen insidentin hücum məqsədli görünmədiyini, daha çox “bacarıqların nümayişi” və məşq xarakteri daşıdığını vurğulayıb. Lakin səlahiyyətlilər bunun Rusiyanın mümkün hibrid hücumunun bir hissəsi ola biləcəyini də istisna etmirlər.

Dronların haradan və necə hava limanına çatdığı araşdırılır. Hadisə nəticəsində uçuşlar ləğv olunub və gecikmələr səhərə qədər davam edib. Hazırda hava limanı fəaliyyətini bərpa etsə də, sərnişinlərə aviaşirkətlərlə əlaqə saxlamaq tövsiyə olunur.

Oxşar insident həmin axşam Oslo hava limanında da qeydə alınıb. Orada bütün uçuşlar müvəqqəti olaraq bir zolağa yönləndirilib.

Son vaxtlar bölgədə dron və qırıcıların NATO hava məkanına daxil olması Şimali Avropada təhlükəsizliklə bağlı narahatlıqları artırır.

Jalə Rövşən

TodayPressTV

tag: Kopenhagen ,Dron,İnsident,Todaypresstv,