Keçmiş agent: "Yadplanetlilər min illərdir Yer üzündədir"
ABŞ-nin xüsusi xidmət orqanlarında çalışmış sabiq əməkdaş Metyu Braun yadplanetlilərin minilliklərdir Yer üzündə olduğunu iddia edib.
TodayPress TV xəbər verir ki, bu barədə "News Nation" telekanalı məlumat yayıb.
Milli təhlükəsizlik sahəsində uzun illər xidmət etdiyini bildirən Braun, “Weaponized” adlı podkastda verdiyi müsahibədə Pentaqonun “Qüsursuz Bürc” adlı gizli proqramına çıxışı olduğunu deyib. Onun sözlərinə görə, bu proqram çərçivəsində Naməlum Uçan Obyektlərin (UFO) görüntüləri toplanırmış.
Braun əlavə edib ki, “Qüsursuz Bürc” proqramının məlumatlarını ilk dəfə özü aşkarlayıb və onu “UFO görüntülərinin xəzinəsi” adlandırıb. O, bu məlumatların ictimaiyyətə açıqlanması üçün çalışdığını, lakin nəticə əldə edə bilmədiyini söyləyib.
Yadplanetlilərlə bağlı fikirləri soruşulduqda isə sabiq əməkdaş belə cavab verib:
“Məncə, onlar Yer üzündə insanlıq tarixinin böyük bir hissəsində olublar. Bir tərəfdən düşündüyümüz qədər güclüdürlər, digər tərəfdən isə elə də deyil”.
Qeyd edək ki, Metyu Braunun bu açıqlamaları geniş müzakirələrə səbəb olsa da, Pentaqon və rəsmi qurumlar hələlik bu iddialara münasibət bildirməyib.
Töhfə Səməd
tag: UFO,ABŞ,Yadplanetli,Metyu Braun ,todaypress.tv,