Əkrəm İmamoğluna qarşı yeni iddia: 4 ilə qədər həbs tələbi
Dünya
24.06.2025 17:49
İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) aparılan korrupsiya istintaqı çərçivəsində həbs edilərək bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu barəsində “vəzifəsindən sui-istifadə edərək dövlət məmurunu təhqir etmək” maddəsi ilə 9 aydan 4 il 1 aya qədər həbs cəzası tələbi ilə məhkəmə işi açılıb.
TodayPress TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
İttiham aktında xatırladılıb ki, İmamoğlu 23 mart tarixində "silahlı terror təşkilatına yardım etmək" ittihamı üzrə aparılan istintaq çərçivəsində prokurorluqda ifadə verdikdən sonra həbs olunması tələbi ilə məhkəməyə göndərilib.
Məhkəmə sorğusunda İmamoğlunun, həbsə göndərilmə sənədində adı qeyd olunan iki cümhuriyyət prokuroruna qarşı təhqiredici ifadələr işlətməsi səbəbindən araşdırma başladığı bildirilib.
İttiham aktında, İmamoğlunun məhkəmə ifadəsinə istinad edilərək, onun bu ifadələrinin şərəf və ləyaqəti alçaldan xarakter daşıdığı irəli sürülüb.
İttiham aktında, "ictimai vəzifəli şəxsə hörmətsizlik" maddəsi üzrə aparılan istintaqda, Marmara Qapalı Cəzaçəkmə Müəssisəsində saxlanılan İmamoğlunun ifadəsinin Səs və Görüntü Məlumat Sistemi (SEGBİS) vasitəsilə alındığı bildirilib. İddia edilib ki, ittihamı qəbul etməyən İmamoğlu şəxslərin ailələrinə, şəxsi həyatlarına və şərəfinə qarşı təhqir etmədiyini, sadəcə dövlət maraqları naminə tənqid etdiyini müdafiə edib.
İttiham aktında İmamoğlu barəsində "ictimai vəzifəli şəxsə hörmətsizlik" maddəsi üzrə 9 aydan 4 il 1 aya qədər həbs cəzası, həmçinin Türkiyə Cinayət Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan "müəyyən hüquqlardan məhrum edilmə" sanksiyasının tətbiqi tələb olunub.
İstanbul Məhkəməsi ittiham aktını qəbul edib.
Töhfə Səməd
tag: Ekrəm İmamoğlu,Türkiyə,Məhkəmə,Todaypress.tv,