Kambocada 11 yaşlı uşaq quş qripindən öldü
Dünya
28.05.2025 19:20
Kambocanın Kampongspı əyalətində 11 yaşlı oğlan quş qripinin H5N1 ştammına yoluxaraq həyatını itirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Khmer Times” qəzeti ölkənin Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.
Bildirilib ki, uşaq yüksək hərarət, öskürək və tənəffüs çatışmazlığı ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Araşdırmalar nəticəsində məlum olub ki, uşaq bir həftə əvvəl ailəyə məxsus ev quşları fermasında baş verən toyuq və ördək ölümlərindən sonra yoluxub. Laborator analizlər H5N1 virusunu təsdiqləyib. Həkimlərin bütün səylərinə baxmayaraq, uşaq 27 mayda vəfat edib.
Bu, 2025-ci ildə Kambocada H5N1 virusundan insan ölümü ilə nəticələnən dördüncü hadisədir. Mart ayında Kıratiex əyalətində 3 yaşlı uşaq da fermada ölmüş quşlarla təmasdan sonra virus səbəbilə vəfat etmişdi.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2024-cü ilin iyulunda H5N1 quş qripi ilə bağlı qlobal xəbərdarlıq etmiş və ölkələri epidemioloji nəzarətin gücləndirilməsinə, məlumat və elmi nəticələrin paylaşılmasına çağırmışdı. ÜST Kambocanı yüksək riskli ölkələr siyahısına daxil edir. Ölkədə bu vaxta qədər 75 nəfərdə H5N1 virusu aşkarlanıb, onlardan 46-sı ölüb.
Qiymət Mahir
tag: Quş qripi,Virus,Xəstəlik,ÜST,todaypress.tv,