İtaliya XİN başçısı: "Rusiya aktivlərinin müsadirə olunması üçün hüquqi baza yoxdur"

Dünya

30.08.2025 16:00

İtaliyanın xarici işlər naziri və Baş nazirin müavini Antonio Tayanı, Rusiya aktivlərinin müsadirə olunmasının hüquqi əsaslarının olmaması səbəbindən mümkünlüyü ilə bağlı şübhələrini ifadə edib. 

TodayPress TV xəbər verir ki, o, bu barədə Kopenhagendə Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünə qatılarkən jurnalistlərə açıqlama verib.

“Biz Rusiyanın hərbçilərinə yüksək maaş ödəmə imkanını əlindən almaq üçün maliyyə xarakterli sanksiyaları dəstəkləyirik. Ancaq rusların şəxsi aktivlərinin müsadirə olunması üçün hüquqi baza yoxdur”, - deyə Tayanı bildirib.

Rusiya suveren aktivlərinin dondurulmuş hissəsinin Ukraynanın bərpası üçün istifadə olunması məqsədilə müsadirəsi məsələsinə gəlincə, Tayanı bunun olduqca çətin olduğunu vurğulayıb: “Bunun üçün hüquqi əsasların olub-olmadığını diqqətlə araşdırmaq lazımdır, hüquqi baxımdan bu çox mürəkkəbdir”.

Nazir həmçinin bildirib ki, Aİ-nin diplomatiya rəhbəri Kaya Kallasın mövqeyi bu məsələ ilə bağlı siyasi xarakter daşıyır, lakin mövzunun hüquqi tərəfi də mövcuddur.

Töhfə Səməd

tag: İtaliya,Rusiya,Aktivlər,müsadirə,Todaypress.tv,