İsrail milli kosmik laboratoriyaya milyonlarla sərmayə qoyur

Dünya

04.08.2025 18:15

İsrail 11,7 milyon dollar dəyərində milli kosmik tədqiqat və inkişaf laboratoriyası yaradacaq. 

TodayPress TV xəbər verir ki, bu barədə İsrailin İnnovasiyalar İdarəsi və İsrail Kosmik Agentliyi elan məlumat yayıb. 

Bildirilib ki, yeni laboratoriyanın əsas məqsədi İsrailin qlobal kosmos bazarına çıxışını sürətləndirmək, texnologiyaların orbitdə sınaqdan keçirilməsini təmin etmək və bu sahədə innovasiyaları təşviq etməkdir. Məlumata görə, laboratoriya tədqiqat və inkişaf, peyk buraxılışları, sistem inteqrasiyası və məlumatların təhlili kimi sahələrdə şirkətlərə və akademik qurumlara geniş imkanlar təqdim edəcək. 

Milli innovasiya mərkəzi kimi fəaliyyət göstərəcək laboratoriya, ilkin mərhələdə müəssisələri dəstəkləyəcək, qlobal aerokosmik tərəfdaşlıqların inkişafına töhfə verəcək və elmi qurumlarla sənaye sektoru arasında əlaqə quracaq. Layihə çərçivəsində qarşıdakı 3 il ərzində İsrail istehsalı olan ən azı 15 faydalı yükün orbitə buraxılması planlaşdırılır. 

“Milli buraxılış laboratoriyasına sərmayə qoymaq, İsrail şirkətlərinə öz texnologiyalarını kosmosda sınaqdan keçirmək, beynəlxalq səviyyədə iştirakımızı gücləndirmək və gələcək iqtisadi artımı dəstəkləmək baxımından mühüm addımdır”, - deyə İsrailin İnnovasiya, Elm və Texnologiya naziri Gila Gamliel bildirib. 

Aysel Mətləb

tag: İsrail,Kosmik tədqiqat,Sərmayə ,Todaypress.tv,