İspaniya Ukraynaya 3 milyard avroya yaxın hərbi yardım göstərib

Dünya

10.07.2025 16:07

İspaniya hökuməti 2022-ci ildən bəri Ukraynaya hərbi dəstək məqsədilə 2,82 milyard avro ayırıb. Bu barədə Baş nazir Pedro Sançes məlumat verib.

TodayPress TV xəbər verir ki, məlumatı “TASS” agentliyi yayıb.

Sançes iyulun 10-da Madrid şəhərində “Ukraynanın bərpası üzrə ofis”in açıldığını elan edib. Baş nazir bildirib ki, Madriddən Kiyevə göstərilən ümumi yardımın əsas hissəsi məhz hərbi dəstəyə yönəldilib.

Bundan əlavə, Sançes İspaniya və Ukrayna arasında yaradılmış birgə komissiyanın iş adamları ilə görüş keçirəcəyini də açıqlayıb. Görüş zamanı Ukraynanın bərpası ilə bağlı məsələlərin müzakirə olunacağı qeyd olunub.

Danimarka Xarici İşlər Nazirliyi isə iyulun 9-da bəyan edib ki, ölkə hökuməti Ukraynanın bərpasına 435 milyon kron (68,23 milyon dollar) ayıracaq. Bu vəsaitin 338 milyon kronu (53,01 milyon dollar) Nikolayev vilayətində su təchizatı və istilik sistemlərinin bərpasına sərf olunacaq. Daha 75 milyon kron (11,76 milyon dollar) “EU4Reconstruction” proqramı çərçivəsində şəhərlərin bərpasına, 22 milyon kron (3,45 milyon dollar) isə “Skills4Recovery” adlı təhsil və məşğulluq təşəbbüsünə yönəldiləcək.

Danimarka XİN-in açıqlamasına görə, müharibənin eskalasiyasından bəri Kopenhagen Ukraynaya təxminən 9 milyard avro hərbi və 867 milyon avro mülki yardım göstərib.

Xatırladaq ki, ABŞ da Ukraynaya ayrılmış 1,6 milyard dollardan çox vəsaiti öz hərbi sənayesinin inkişafına yönəltmişdi.

Qiymət Mahir

tag: ABŞ ,Ukrayna,Danimarka ,İspaniya ,Todaypress.tv,