İranın “hipersəsi” İsrailin “Davudun sapandası”na qarşı: Orta Şərqdə raket savaşı

Dünya

17.06.2025 11:09

İran və İsrail arasında son silahlı qarşıdurmalar hər iki ölkənin inkişaf etdirdiyi raket texnologiyalarını ön plana çıxarıb.

TodayPress TV xəbər verir ki, İran, 2024-cü ilin oktyabrında olduğu kimi, yenidən İsrailə qarşı raket hücumları həyata keçirib.

Bu dəfə “Doğru vəd – 3” adlı əməliyyat çərçivəsində yüzlərlə ballistik və hipersəsli raketlərdən istifadə olunub.

İranın istifadə etdiyi əsas raketlər – "Emad", "Ghadr", "Kheibar Shekan" və hipersəsli “Fattah” – 1.000–2.000 km məsafəni qət edə bilir. Bu silahlar yüksək manevr qabiliyyəti və sürətə malikdir, bəziləri isə atmosfer xaricində hədəfləri vurmaq gücündədir. İrana Yəməndəki husilər də qoşularaq Tel-Əvivə doğru hipersəsli raketlər atıblar.

İran, raket istehsalını yeraltı zavodlarda həyata keçirir və eyni zamanda kosmik proqramı çərçivəsində peyk daşıyıcıları və orbitə çıxarılan cihazlar üzərində də işləyir.

İsrail isə özünü “Dəmir qübbə”, “Davudun sapandası” və “Xətt” (Arrow) sistemləri ilə qoruyur. Bu sistemlər müxtəlif məsafəli raketləri aşkarlayıb məhv etmək üçün nəzərdə tutulub. ABŞ tərəfindən təchiz edilən "THAAD" və "Aegis" sistemləri də İsrailin hava hücumundan müdafiəsinə dəstək verir.

Buna baxmayaraq, son hücumlarda İran raketlərinin 10-15 faizinin İsrail müdafiə sistemlərini dəlib keçdiyi bildirilir. Bu, sosial şəbəkələrdə yayılan raket zərbələrinin görüntülərində də əksini tapıb.

İran rəsmiləri bildirirlər ki, onların hələ bütün silah arsenalı istifadə olunmayıb və daha müasir raketlər ehtiyatda saxlanılır. Hərbi ekspertlər isə hər iki tərəfin imkanlarını şişirdilmiş hesab edir və genişmiqyaslı müharibə riskinə diqqət çəkirlər.

Töhfə Səməd

tag: İran,İsrail,Silah,Fattah,todaypress.tv,