İran razılıq verdi: Avropa ölkələri ilə yeni nüvə danışıqları başlayır

Dünya

21.07.2025 09:51

İran, Avropanın üç ölkəsi – Fransa, Böyük Britaniya və Almaniya ilə yeni nüvə danışıqları raunduna razılıq verdiyini təsdiqləyib.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi dövlət televiziyasına açıqlama verib.

Məlumata görə, İran rəsmiləri iyulun 25-də Türkiyənin İstanbul şəhərində adıçəkilən ölkələrin nümayəndələri ilə görüşəcək. Danışıqlar Avropa ölkələrinin təşəbbüsü ilə keçirilir.

Xatırladaq ki, Avropa üçlüyü Tehrana xəbərdarlıq edərək, əgər İran nüvə proqramı ilə bağlı müzakirələrə qayıtmasa, sanksiyalar tətbiq olunacağını bildirmişdilər.

Almaniya diplomatik mənbələrinin "AFP"yə verdiyi məlumata görə, Fransa, Britaniya və Almaniya İranla davamlı diplomatik həll yolu tapmaq üçün birbaşa əlaqədə olublar.

Qərb ölkələri və İsrail uzun illərdir İranı nüvə silahı əldə etməyə çalışmaqda ittiham edirlər. Tehran isə bu iddiaları qəti şəkildə rədd edir.

Qeyd edək ki, İstanbul görüşü, ABŞ-nin iyun ayında İranın nüvə obyektlərinə endirdiyi hava zərbələrindən sonra baş tutacaq ilk danışıqlar olacaq.

Töhfə Səməd

tag: İran,Avropa,Fransa,Böyük Britaniya,Almaniya,Nüvə,Todaypress.tv,