İran hökuməti vətəndaşlara çağırış etdi: "WhatsApp"ı silin!
Dünya
18.06.2025 14:33
İranın dövlət televiziyası ölkə vətəndaşlarını "WhatsApp" messencerini telefonlarından silməyə çağırıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.
Bu çağırış, tətbiqin istifadəçi məlumatlarını İsrailə ötürdüyü iddiaları ilə əsaslandırılıb. Lakin həmin iddialarla bağlı konkret sübut təqdim olunmayıb.
"WhatsApp" rəhbərliyi yayılan bu iddialardan narahatlıq ifadə edərək bildirib ki, bu kimi yalan məlumatlar, xüsusilə platformanın geniş istifadə olunduğu bir dövrdə, tətbiqin bloklanması üçün bəhanəyə çevrilə bilər. Şirkət messencerin ucdan-uca (end-to-end) şifrələmə texnologiyasından istifadə etdiyini və bu səbəbdən heç bir xidmət təminatçısının mesajları oxuya bilmədiyini vurğulayıb. Eyni zamanda, "WhatsApp" istifadəçilərin dəqiq yerləşməsini izləmədiyini və şəxsi mesajlara baxmadığını açıqlayıb. Şirkət hər hansı hökumətə kütləvi məlumat ötürülməsi iddialarını da təkzib edib.
Qeyd edək ki, ucdan-uca şifrələmə texnologiyası mesajların yalnız göndərən və alan tərəfindən oxunmasına imkan verir. Əgər mesaj üçüncü şəxs tərəfindən ələ keçirilərsə, bu məlumat yalnız mənasız simvollar toplusu kimi görünür və şifrə açarları olmadan oxunması mümkün olmur.
Töhfə Səməd
tag: İran,WhatsApp,Şirkət,End-to-end,todaypress.tv,