İran Avstraliya səfirini ölkədən çıxardı

Dünya

04.09.2025 15:54

İran Avstraliyanın 26 avqustda atdığı addımlara cavab olaraq simmetrik tədbirlər görüb.

TodayPress TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqai açıqlama verib.

Onun sözlərinə görə, Avstraliyanın İranı antisemitizmi dəstəkləməkdə ittiham etməsi və Tehrandakı səfirini ölkədən çıxarmasından sonra İran da oxşar addım atıb:

“Diplomatik hüquqa uyğun olaraq, Avstraliyanın hərəkətlərinə cavab olaraq İran da bu ölkənin Tehrandakı diplomatik təmsilçiliyinin səviyyəsini aşağı saldı. Avstraliya səfiri ölkəni tərk edib”, - deyə Bəqai “Tasnim” agentliyinə bildirib.

İranlı diplomat Avstraliyanın qərarını qəbuledilməz adlandırıb:

“Biz diplomatik münasibətlərin səviyyəsinin azaldılmasını alqışlamırıq, çünki bunun üçün heç bir əsas görmürük. Bu addım iki ölkə arasında əlaqələrə ciddi təsir göstərəcək”, - o əlavə edib.

Xatırladaq ki, 26 avqustda Avstraliya hökuməti İran səfirini "persona-non-grata" elan edib və təhlükəsizlik səbəblərini əsas gətirərək Tehrandakı səfirliyinin fəaliyyətini dayandırdığını açıqlayıb. Kanberra eyni zamanda Tehranı antisemitizmi dəstəkləməkdə ittiham etmişdi.

Töhfə Səməd

TodayPress TV

tag: İran ,Avstraliya,Xarici İşlər Nazirliyi,İsmail Bəqai ,Todaypress.tv,