İran AEBA-nı münaqişədə iştirakda ittiham etdi
Dünya
19.06.2025 13:43
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai BMT-nin nəzdində fəaliyyət göstərən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyini (AEBA) İsrailin əməliyyatlarında iştirakda ittiham edib.
TodayPress TV xəbər verir ki, bu barədə "İRNA" məlumat yayıb.
O, bildirib ki, İsrailin hücumlarından əvvəl AEBA İranın Nüvə Silahlarının Yayılmaması üzrə Müqavilə (NPT) çərçivəsindəki öhdəliklərini yerinə yetirmədiyinə dair hesabat yayıb. İran isə bu hesabatın İsrail üçün hücumlara başlamaqda bəhanə rolunu oynadığını qeyd edib.
Bəqai tənqidlərini birbaşa AEBA-nın Baş direktoru Rafael Qrossiyə yönəldib:
“Yayılmamanı təmin edən sistemi satdınız. AEBA-nı bu ədalətsiz hücum müharibəsində tərəfə çevirdiniz”, – deyə o, "X" sosial şəbəkəsində yazıb.
Qrossi isə "CNN"ə müsahibəsində AEBA-nın İranın sistematik şəkildə nüvə silahı hazırladığına dair sübutlara malik olmadığını bildirmişdi.
Bəqai həmin açıqlamaya cavab olaraq: “Artıq çox gecdir”, – deyə şərh verib.
Töhfə Səməd
tag: İran ,XİN,İsmayıl Bəqai,BMT,AEBA,todaypress.tv,