İqlim dəyişikliyi yuxu apnoesi hallarını kəskin artıra bilər
Dünya
17.06.2025 19:24
Qlobal istiləşmə, yuxuda tənəffüsün müvəqqəti dayanması ilə xarakterizə olunan obstruktiv yuxu apnoesinin (OYA) yayılmasını əhəmiyyətli dərəcədə artıracaq.
TodayPress TV xəbər verir ki, bu barədə beynəlxalq tədqiqatçıların "Nature Communications" jurnalında dərc olunan genişmiqyaslı elmi araşdırmasında bildirilir.
Tədqiqatda 41 ölkədən 116 min könüllü iştirak edib. Onlar ABŞ-nin Qida və Dərman İdarəsi (FDA) tərəfindən təsdiqlənmiş yuxu sensorlarını istifadə edərək ümumilikdə 62 milyon gecənin məlumatını qeydə alıblar. Nəticələr göstərib ki, havanın temperaturu 27°C-yə çatanda, yuxu apnoesi riski sərin gecələrlə müqayisədə 45% artır.
Tədqiqatın müəllifləri qeyd edib ki, bu təsir xüsusilə Avropa ölkələrində və artıq çəkili insanlarda daha güclü hiss olunur. Alimlər hesab edir ki, orta temperaturun sənayeöncəsi dövrlə müqayisədə 1,8°C və ya daha çox yüksələcəyi təqdirdə, 2100-cü ilədək yuxu apnoesinin yayılma halları 1,2–3 dəfə arta bilər.
Obstruktiv yuxu apnoesi yuxu zamanı tənəffüsün təkrarlanan dayanması ilə müşahidə olunur. Bu hal yuxunun keyfiyyətini pozur və şəkərli diabet, yüksək təzyiq, ürək xəstəlikləri və hətta yol-nəqliyyat qəzaları kimi ciddi fəsadlara səbəb ola bilər.
Alimlərə görə, iqlim sabitliyinin qorunması yalnız ətraf mühit üçün deyil, həm də insan sağlamlığı — xüsusilə yuxu ilə bağlı xəstəliklərin qarşısının alınması baxımından həyati əhəmiyyət daşıyır.
Qiymət Mahir
tag: Qlobal istiləşmə,Dünya,Araşdırma,ABŞ,todaypress.tv,