Macarıstan Yaxın Şərqdə nüvə gərginliyindən narahatdır

Dünya

22.06.2025 21:45

İsrail və ABŞ-nin İranın hərbi və nüvə obyektlərinə endirdiyi zərbələr fonunda Macarıstan beynəlxalq aləmdə yeni nüvə arsenalının yaradılmasının qarşısının alınmasına çağırıb.

TodayPress TV xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto açıqlama verib.

Nazir bildirib ki, Macarıstan Yaxın Şərqdə və ya bu region səbəbilə aparıcı dövlətlər arasında birbaşa qarşıdurmanın qarşısını almaqda maraqlıdır. O, eyni zamanda əlavə edib ki, Budapeşt dünyada yeni nüvə arsenalının formalaşmaması üçün səylərin artırılmasını zəruri hesab edir.

"Yaxın Şərqdəki gərginlik təkcə regionla məhdudlaşmır, həmçinin Avropa daxil olmaqla, dünyanın digər hissələrinə də təsir göstərir. Buna görə də rəsmi Budapeşt münaqişənin tez bir zamanda həllini dəstəkləyir", - deyə nazir vurğulayıb.

Qeyd edək ki, İsrail İranın nüvə obyektlərinə zərbələr endirməsini bu ölkənin nüvə silahı hazırlaması ilə əsaslandırıb. ABŞ da bu zərbələri dəstəkləyərək iyunun 22-nə keçən gecə İranın nüvə mərkəzlərinə bombardman həyata keçirib. Avropa İttifaqı da Tehranın nüvə silahı əldə etməsinin yolverilməz olduğunu bəyan edib. Macarıstan da bu mövqeni paylaşır.

Töhfə Səməd

tag: İsrail ,ABŞ,İran,Nüvə,Hərbi,todaypress.tv,