Gürcüstanın daxili işlər naziri istefa verdi
Gürcüstan daxili işlər naziri və eyni zamanda vitse-premyer postunu tutan Vaxtanq Qomelauri istefa verdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb.
“İctimaiyyətə bildirmək istəyirəm ki, Gürcüstanın daxili işlər naziri vəzifəsindən istefa vermək qərarına gəlmişəm. Bu qərarı qəbul etmək mənim üçün asan olmadı”, – deyə Qomelauri bildirib.
O, 2011-ci ildən etibarən Bidzina İvanişvilinin rəhbərlik etdiyi siyasi hərəkatın bir hissəsi olduğunu xatırladaraq, bu mübarizənin ölkədə ciddi dəyişikliklərə səbəb olduğunu qeyd edib.
Qomelauri əlavə edib ki, daxili işlər naziri, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri və vitse-premyer kimi fəaliyyət göstərdiyi 10 ildən artıq müddətdə dövlətə xidmət edib.
“Bu gün ölkədə vəziyyət sabitdir. Mən komandadan istefa verməyə icazə istədim ki, ailəmə – həyat yoldaşıma, övladlarıma və yeni doğulan nəvəmə daha çox vaxt ayıra bilim”, – deyə o vurğulayıb.
Sabiq nazir, zərurət yarandıqda dövlətin və hakim komandanın yanında olmağa hazır olduğunu da qeyd edib.
Qiymət Mahir
tag: Gürcüstan ,Vaxtanq Qomelauri ,Dövlət Təhlükəsizlik Xidməti,İstefa,Nazir,todaypress.tv,