Fransanı sarsıdan etirazlar qonşu ölkəyə də yayıldı
Fransanı sarsıdan, bir sıra təhsil müəssisələrində iğtişaşlara və yanğınlara səbəb olan yuxarı sinif şagirdlərinin kütləvi etirazları qonşu Belçikaya keçib.
TodayPress TV xəbər verir ki, bu barədə "DH" qəzeti məlumat yayıb.
Məlumata görə, Lyejin (Belçikanın cənub-şərqi) eyni anda beş kollecində tələbə iğtişaşları alovlanıb. Şagirdlər zibil qutularını yandırıblar, bir neçə binanın fasadına zərər dəyib, şüşələr sındırılıb.
Məktəblilər, həmçinin hadisə yerinə gələn polislərə fişəng və yumurta atıblar, lakin polis onlara qarşı cavab tədbirləri görməyib. Təhsil müəssisələrinin yaxınlığında iğtişaşlar bütün dərs günü boyunca davam edib və günortadan sonra tədricən səngiyib, iştirakçılar dağılışıblar.
Belçikanın cənubundakı digər böyük şəhər olan Namurda öz təhsil müəssisələrinin önündə məktəblilərin dinc etiraz aksiyaları baş tutub, bəzi hallarda etirazlara müəllimlər də qoşulub.
Aysel Mətləb