Fransada 1,3 tondan çox kokain ələ keçirildi
Dünya
15.08.2025 18:15
Fransa istintaq orqanları Bordo yaxınlığında yük avtomobilində gizlədilmiş 1,345 ton kokain aşkarlayıb.
TodayPress TV xəbər verir ki, “Le Figaro”nun məlumatına görə, A63 avtomagistralında, Sestas qəsəbəsi yaxınlığında İspaniyadan gələn yük maşını saxlanılıb.
Taxta yeşiklərdə gizlədilmiş, on kisəyə bölünmüş narkotik vasitənin dəyərinin yarıtopdansatış qiyməti ilə 30-40 milyon avro olduğu bildirilir.
İş iyulun əvvəlində başlayıb. Bordo prokurorluğu İspaniya ilə Fransa arasında narkotik daşıyan yük maşını barədə məxfi məlumat alıb və dərhal ilkin istintaqa start verib. Araşdırma nəticəsində həmin nəqliyyat vasitəsinin İspaniyanı Şimali Avropa ilə birləşdirən iki şübhəli marşrutdan keçdiyi müəyyən olunub.
Maşının sürücüsü, 36 yaşlı ispaniyalı Fransa hüquq-mühafizə orqanlarına əvvəllər məlum olmayıb. Ona narkotiklərin idxalı, saxlanılması, daşınması və ötürülməsi, həmçinin cinayətkar dəstənin tərkibində fəaliyyət göstərmək ittihamları irəli sürülüb. Prokurorluq onun həbsinə qərar verilməsini tələb edib.
Bordo prokurorluğunun məlumatına görə, istintaq qaçaqmalçılıqda iştirak etmiş digər şəxslərin müəyyən edilməsi üzərində işini davam etdirir.
Qiymət Mahir
tag: Fransa,Bordo ,İspaniya ,Sestas ,Todaypress.tv,