Fransa hərbiləşmə yolunda: İqtisadi çətinliklər gözardı edilir

Dünya

21.07.2025 13:24

Son illərdə Avropa İttifaqında (Aİ) hərbiləşmə prosesi sürətlənib. Fransa isə bu istiqamətdə lider rolunu ələ almağa çalışır.

TodayPress TV xəbər verir ki, bu məqsədlə 14 iyul – Bastiliya Günü münasibətilə keçirilən hərbi paradda ölkənin hərbi hazırlığı nümayiş olunub. Parisin hərbi qubernatoru general Loik Mizon bunu “döyüşə hazırıq” mesajı kimi dəyərləndirib.

Eyni gündə Fransanın Müdafiə və Milli Təhlükəsizlik Baş Katibliyi "Milli Strateji Baxış – 2025" adlı sənədi yayıb. Burada Rusiya ilə yağlı məqamlar 80-dən çox dəfə qeyd edilib və 2030-cu ilə qədər Avropada genişmiqyaslı müharibə riskinin yüksək olduğu bildirilib.

Bununla yanaşı, Fransa prezidenti Emmanuel Makron müdafiə xərclərinin 2027-ci ilə qədər 64 milyard avroya çatdırılacağını açıqlayıb. Halbuki əvvəlki plana görə bu məbləğə 2030-cu ildə çatmaq nəzərdə tutulurdu.

Aİ-nin hərbiləşmə planı

Avropa İttifaqı ölkələri artıq müdafiə sahəsinə ciddi sərmayə qoymağa hazır olduqlarını bildiriblər. 27 iyun tarixli sammitdə Aİ Komissiyasına hərbiləşmənin maliyyələşdirilməsi üçün yol xəritəsi hazırlamaq tapşırılıb. Prioritet sahələr arasında hava hücumundan müdafiə, raket istehsalı, pilotsuz uçuş aparatları və artilleriya sistemləri yer alır.

Bəzi ölkələr (Danimarka, İsveç, Almaniya, İspaniya) müdafiəni kreditlər hesabına maliyyələşdirir. Digərləri isə sosial xərcləri azaltmaqla hərbi büdcəni artırır. Məsələn, Britaniya 2027-ci ildən etibarən hər il 15 milyard avro əlavə müdafiə xərci nəzərdə tutur. Estoniya isə vergiləri artıraraq hərbi xərcləri ÜDM-in 5 faizinə çatdırmağı planlaşdırır.

Çin faktoru və Aİ-nin narahatlığı

Avropa yalnız Rusiya deyil, Çin təhlükəsinə də diqqət çəkir. Aİ-nin yeni diplomatiya rəhbəri Kaya Kallas Çin hökumətini kibertəhlükələr və seçkilərə müdaxilə ilə ittiham edib. Çin isə Avropanın problemləri ilə Pekinin heç bir əlaqəsinin olmadığını bildirib.

Bununla belə, Fransa hərbiləşmə planlarını reallaşdırmaqda iqtisadi maneələrlə üzləşir. Ölkənin büdcə kəsiri 166 milyard avronu keçib, dövlət borcu isə 3,3 trilyon avroya çatıb. Rəsmi Paris yeni hərbi xərcləri kreditlə deyil, vergi artımı və sosial xərclərin azaldılması hesabına qarşılayacağını bildirir.

Ölkənin Baş naziri Fransua Bayrunun büdcə islahatları planına görə, pensiya artımları dayandırılacaq, dövlət qurumlarının xərcləri və işçi sayı azaldılacaq. Hətta dövlət bayramlarının ləğvi hesabına iş günlərinin artırılması təklif edilib.

Müxalifətdən etirazlar

Solçu “Boyun əyməyən Fransa” partiyasının lideri Jan-Lyuk Melanşon Avropanın hərbiləşməsini “fəlakətə aparan yol” adlandırıb. O, hökuməti sosial haqları qurban verməkdə ittiham edib. Sağçı “Milli Birlik” partiyasının lideri Marin Le Pen isə Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin çıxışlarını tənqid edərək Baş nazir Bayruya etimadsızlıqla hədələyib.

Fransızların fikri

Sorğular göstərir ki, fransızların 55 faizi müdafiənin gücləndirilməsini dəstəkləyir. Amma 61 faizi üçün əsas prioritet büdcə kəsirinin azaldılması və iqtisadi sabitlikdir. Müşahidəçilər hesab edir ki, hazırkı iqtisadi və siyasi durumda Fransa hökumətinin hərbiləşmə planları uğur qazanmaya bilər.

Töhfə Səməd

tag: Avropa İttifaqı,Fransa ,Təhlükəsizlik ,Silahlanma,Hərbiləşmə,Todaypress.tv,