Finlandiyada ayı ovunun bərpası tələb edilir

Dünya

26.05.2025 10:56

Şərqi Finlandiyanın yeddi bələdiyyəsi və Kuhmo şəhəri hökumətə müraciət edərək bölgədə ayıların sayına nəzarət məqsədilə ovun yenidən başlanmasını tələb ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə "Yle" məlumat yayıb.

Pohjois-Karjala bölgəsindən olan bələdiyyələr və Kuhmo şəhəri birgə yaydıqları bəyanatda bildiriblər ki, dövlət bu məsələni ciddi qəbul etməlidir. Onların sözlərinə görə, əgər ayıların ovuna icazə verilməzsə, insanlara təhlükə yaradan hallar daha da artacaq.

Bələdiyyələrin açıqlamasında bildirilib ki, ayıların yaşayış məntəqələrinə qədər gəlməsi son illər bölgədə geniş yayılmış hadisəyə çevrilib. Bu səbəbdən məktəblilər üçün xüsusi təhlükəsizlik məqsədilə təşkil olunan nəqliyyat xidmətlərinin sayı da artmaqdadır.

Hazırda Finlandiya Kənd Təsərrüfatı və Meşə Nazirliyi ayı populyasiyasına nəzarət planı layihəsini ictimai rəyə təqdim edib. Ayı ovuna dair mövcud qadağa isə inzibati məhkəmənin Finlandiya Ovçuluq Mərkəzinin verdiyi istisna icazələrini ləğv etməsi ilə əlaqədardır.

Qeyd edək ki, bundan əvvəl Lieksa şəhəri və Ilomantsi bələdiyyəsi hökumətə ayı ovunun bərpası ilə bağlı öz rəsmi rəylərini təqdim etmişdi. İndi bu təşəbbüsə Nurmes, Juuka, Kontiolahti, Kitee və Tohmajärvi bələdiyyələri də qoşulub.

Töhfə Səməd

tag: Şərqi Finlandiya,Bələdiyyə,Ayı ovu ,İcazə,todaypress.tv,