Ermənistanda Paşinyanla bağlı araşdırma başladıldı

Dünya

23.05.2025 11:01

Ermənistanın Korrupsiyanın Qarşısının Alınması Komissiyası Baş nazir Nikol Paşinyana qarşı parlamentdə etik davranış qaydalarının pozulması ilə bağlı araşdırma başladıb.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı müstəqil deputat, parlamentin keçmiş hüquq və ictimai məsələlər üzrə komissiya rəhbəri Taqui Tovmasyan yayıb.

Deputat bildirib ki, Komissiyaya rəsmi müraciət təqdim etdikdən sonra 22 may tarixində araşdırmanın başladıldığı barədə cavab alıb. Məsələyə səbəb olan əsas epizodlar arasında Paşinyanın parlamentdə işlətmiş olduğu, “Otur yerində, əsəblərimi pozma”, “Sizi MTX-nin zirzəmilərinə salacağam” kimi ifadələr, eləcə də təkrarən sərgilədiyi təhqiramiz və hörmətsiz davranışlar yer alır.

Tovmasyan qeyd edib ki, hər bir dövlət rəsmisi qanun və əxlaq çərçivəsində hərəkət etməlidir. Onun sözlərinə görə, Paşinyanın davranışı dövlətə olan ictimai etimadı sarsıdır və demokratik müzakirə mühitinə zərbə vurur:

“Heç bir qanun dövlət məmuruna, hətta Baş nazirə belə əsəb və ya emosiya bəhanəsi ilə məsuliyyət sərhədlərini aşmaq hüququ vermir” deyə o vurğulayıb.

Deputat ümid etdiyini bildirib ki, bu araşdırma hüquqi presedent yaradacaq və formal yox, real nəticəli araşdırma olacaq:

“Komissiya bu məsələ ilə bağlı peşəkar və şəffaf araşdırma aparmalı, sübut etməlidir ki, heç kim, hətta Baş nazir də qanundan üstün deyil” deyə Tovmasyan qeyd edib.

Qiymət Mahir

tag: Ermənistan,Paşinyan,Korrupsiya,Taqui Tovmasyan ,Todaypress.tv,