Ermənistanda ictimai televiziya kanallarının sayı azaldılır

Dünya

21.10.2025 16:53

Ermənistan parlamentində “Mülki müqavilə” fraksiyasının deputatları ictimai yayım statuslu televiziya kanallarının sayını üçdən ikiyə endirməyi təklif ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə dəyişiklik layihəsinin müəlliflərindən biri, deputat Taquhi Qazaryan məlumat verib.

Təklifə əsasən, hazırda ictimai yayım statusu olan kanallardan biri - Erməni Apostol Kilsəsinə məxsus “Şoqakat” televiziya kanalı siyahıdan çıxarıla bilər.

Müstəqil deputat Qeqam Nazaryan və bir sıra jurnalist təşkilatları bu addımın “Şoqakat”ın bağlanmasına səbəb ola biləcəyindən narahat olduqlarını bildiriblər.

Taquhi Qazaryan isə bunun “narahatlıq yox, reallıq” olduğunu deyərək bildirib ki, dövlət illərdir “Şoqakat”ı müsabiqəsiz maliyyələşdirir və bu vəsait müsabiqələr yolu ilə daha səmərəli xərclənə bilər. Onun sözlərinə görə, son illərdə dövlət kanalın fəaliyyətinə təxminən 3 milyard dram (təxminən 7,7 milyon dollar) ayırıb.

“Hayastan” blokunun deputatı Lilit Qalstyan isə qeyd edib ki, kanalın maliyyəsinin yarısı Erməni Apostol Kilsəsindən gəlir. Qazaryan isə cavabında bildirib ki, “Şoqakat” mədəni kanal kimi çıxış etsə də, əslində siyasi müxalifətin fikirlərini səsləndirir.

Qeyd edək ki, hazırda Ermənistanda “Şoqakat”la yanaşı, daha iki ictimai televiziya kanalı fəaliyyət göstərir - İctimai Televiziya və onun tərkibindəki Birinci İnformasiya Kanalı.

Türkan İsgəndərli

TodayPress TV

tag: Ermənistan,Kanal,Televiziya,Kilsə,Todaypress.tv,