Ərdoğan: “Yeni idarəçilik modelinə ehtiyac var”

Dünya

16.05.2025 16:09

6

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropada təhlükəsizlik, qlobal idarəçilik və regional münaqişələrlə bağlı mühüm çağırışlarla çıxış edib. O, Avropa İttifaqını və qitənin liderlərini daha ədalətli və inklüziv sistem qurmağa səsləyib.

TodayPress TV xəbər verir ki, o, bu fikirləri “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısında deyib.

“Beynəlxalq aləmdə mövcud olan etimadsızlıq böhranını aradan qaldırmaq üçün ədalətli və hamını əhatə edən qlobal idarəçilik modelinə ehtiyac var. Təhlükəsizliyin bölünməzliyi və rifahın daha ədalətli bölüşdürülməsi prinsipləri üzərində qurulacaq bu dəyişiklik qitə olaraq məhz Avropada başlanmalıdır” deyə Ərdoğan vurğulayıb.

O, Avropa İttifaqının müdafiə sənayesini inkişaf etdirməyə yönəlmiş təşəbbüslərini dəstəklədiyini bildirib: 

“Bu səylər faydalıdır və davam etməlidir”.

Türkiyə prezidenti viza məhdudiyyətlərinə də toxunub: 

“Şengen kimi vizaların hərəkətliliyi məhdudlaşdırması insanlarımız və iqtisadiyyat üçün problem yaradır. Bu rejimlər mütləq nəzərdən keçirilməlidir”.

Həmçinin o, Rusiyayla Ukrayna arasında davam edən münaqişəyə münasibətdə tərəflərə təzyiq deyil, təşviq yolu ilə yanaşmağın daha səmərəli olacağını qeyd edib: 

“Ədalətli və qalıcı sülh üçün məhz bu yanaşma vacibdir”.

Qəzza məsələsində isə Avropanı daha fəal olmağa çağırıb: 

“Atəşkəsin təmin olunması, humanitar yardım axınının təhlükəsizliyi və Qəzzanın yenidən yaşana biləcək vəziyyətə gətirilməsi üçün bütün imkanlarımızı səfərbər etməliyik”.

Qiymət Mahir

tag: Türkiyə ,Rəcəb Tayyib Ərdoğan,Avropa, “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısı,todaypress.tv,