Dünyanın ən böyük hava limanı inşa edilir

Dünya

31.08.2025 17:30

Səudiyyə Ərəbistanı dünyanın ən iri hava limanı olacaq yeni aviasiya mərkəzinin tikintisinə start verib. “King Salman International Airport” adını daşıyacaq nəhəng kompleksin 2030-cu ildə açılması planlaşdırılır.

TodayPress TV xəbər verir ki, “Express” nəşrinin məlumatına görə, hava limanı 14 min futbol meydançasına bərabər ərazini əhatə edəcək. 

Layihə mövcud “King Khalid” hava limanı ətrafında qurulur və ilk dəfə 2022-ci ilin noyabrında elan olunub. Ümumi ərazisi 57 kvadrat kilometr olacaq mərkəzin 12 kvadrat kilometri ticarət zonalarına ayrılacaq.

“Greek Reporter” yazır ki, bu layihə Səudiyyə hökumətinin ölkəni qlobal nəqliyyat və ticarət platformasına çevirmək ambisiyalarını nümayiş etdirir. Hazırda “King Khalid” hava limanında iki uçuş-enmə zolağı mövcuddur, lakin yeni proqram çərçivəsində bu say altıya çatdırılacaq.

Proqnozlara əsasən, illik sərnişin axını 2030-cu ilə qədər 120 milyon nəfərə, 2050-ci ilə qədər isə 150 milyon nəfərə yüksələcək. Uçuş sayının isə indiki 211 mindən bir milyondan çoxa qədər artacağı gözlənilir.

Rəsmi açıqlamalara görə, hava limanı bir neçə eniş zonası, geniş yaşıl sahələr və uçuş zolaqlarına panoramik mənzərə təqdim edən şüşəli interyerlərlə zəngin olacaq.

Qiymət Mahir

tag: Səudiyyə Ərəbistanı ,Hava limanı,“King Khalid”,Dünya,Todaypress.tv,