Dünyada bir milyarddan çox insan psixi pozuntularla yaşayır

Dünya

02.09.2025 19:30

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına görə, hazırda dünyada bir milyarddan çox insan psixi pozuntulardan — əsasən narahatlıq və depressiya hallarından əziyyət çəkir.

TodayPress TV xəbər verir ki, “World mental health today” və “Mental Health Atlas 2024” hesabatlarında bu pozuntuların yalnız sağlamlığa deyil, həm də iqtisadiyyata ciddi təsir göstərdiyi, uzunmüddətli əmək qabiliyyətsizliyə, müalicə xərclərinin artmasına və məhsuldarlığın azalmasına səbəb olduğu qeyd olunub.

Hesabatlarda vurğulanır ki, bir çox ölkələrdə psixososial dəstək tədbirləri güclənsə də, resurslar son dərəcə məhduddur və tələbat səhiyyə sistemlərinin imkanlarını xeyli üstələyir. Hətta inkişaf etmiş ölkələrdə belə yardıma ehtiyacı olanların yarısından azı bu xidməti ala bilir. Aşağıgəlirli bölgələrdə isə bu göstərici çox vaxt 10 faizi keçmir.

Məlumata görə, psixi xəstəliklər uzunmüddətli əlilliyin ikinci ən geniş yayılmış səbəbidir. Ağır pozuntulardan əziyyət çəkən insanların ömür uzunluğu, adətən, 10–20 il daha qısa olur, onlar tez-tez damğalanma, ayrı-seçkilik və insan hüquqlarının pozulması ilə üzləşirlər.

ÜST-ün baş direktoru bildirib:

“Psixi sağlamlığa qoyulan sərmayə insanlara, icmalara və iqtisadiyyata qoyulan sərmayədir. Heç bir ölkə bu problemi görməzlikdən gələ bilməz”.

Qeyd edək ki, bu hesabatlar 2025-ci il sentyabrın 25-də Nyu-Yorkda keçiriləcək BMT-nin qeyri-infeksion xəstəliklər və psixi sağlamlıq üzrə yüksək səviyyəli görüşü ərəfəsində milli strategiyaların və qlobal təşəbbüslərin formalaşmasında əsas yol xəritəsi rolunu oynayır.

Qiymət Mahir

TodayPress TV

tag: ÜST,Psixi pozuntu,Narahatlıq,Depressiya,Todaypress.tv,