Çinin ən iri avtomobildaşıyan gəmisi ilk səfərinə başladı

Dünya

16.05.2025 18:31

5

Çinin günəş enerjisi və maye qazla (LNG) işləyən ən iri avtomobildaşıyan gəmisi “Yuan Hai Kou” ilk səfərinə başlayıb. 

TodayPress TV xəbər verir ki, əsas hissəsi elektromobil olmaqla 4 min avtomobilin yükləndiyi gəmi Çinin Quandon əyalətindəki Nanşa limanından yola düşüb. 

Uzunluğu 200 metr olan “Yuan Hai Kou” ilk səfərində Aralıq dənizi ölkələrinə, o cümlədən Türkiyə, Yunanıstan, Tunis və İspaniyaya ixrac avtomobillərini çatdıracaq. 

Quancou şəhərindəki gəmiqayırma zavodunda COSCO gəmiçilik şirkəti üçün inşa edilən gəminin 7 min standart avtomobil yeri var. “Yuan Hai Kou” tək yanacaqla işləyən gəmilərlə müqayisədə enerjiyə 20 faiz qənaət edir. Bu, COSCO-nun sayca 20-ci avtomobildaşıyan gəmisidir. 

Qeyd edək ki, bu günlərdə dünyanın ən böyük avtomobildaşıyan gəmisi olan “Anji Ansheng” də Şanxayda sifarişçiyə təqdim olunub.

“SAIC Motor” şirkətinin sifarişi ilə inşa edilən gəminin 9500 standart avtomobil yeri var.

tag: Çin,Ekoloji,Təmiz,Səfər,Gəmi,Todaypress.tv,