Çində kənd yollarının uzunluğu 4.6 milyon kilometri keçdi
Dünya
21.07.2025 11:36
Çində kənd yollarının ümumi uzunluğu 2024-cü ilin sonuna 4.64 milyon kilometrə çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Liu Vey 14-cü Beşillik Plan dövründə (2021–2025) əldə olunan nəqliyyat nailiyyətlərinə həsr olunmuş mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, ölkədəki 500 mindən çox inzibati kənd asfalt yolla təmin olunub. Kənd yollarının 94.8 faizi “yaxşı” və ya “orta” keyfiyyət kateqoriyasına aiddir.
Liu qeyd edib ki, kənd yollarının inkişafı şəhər və kəndlər arasında insan, mal və informasiya axınını asanlaşdırıb, eyni zamanda kənd yerlərində yaşamaq və işləmək üçün əlverişli mühitin formalaşmasına töhfə verib.
Bundan əlavə, kənd yolları yerli sənayelərin inkişafına kömək etməklə yanaşı, yol təmiri kimi yeni məşğulluq imkanları yaradıb. Bu isə kənd sakinlərinə doğma yerlərindən uzaqlaşmadan iş tapmağa və gəlirlərini artırmağa şərait yaradıb.
Nazir əlavə edib ki, qarşıdakı dövrdə kənd yollarının keyfiyyəti, təhlükəsizliyi və xidmət səviyyəsinin artırılması məqsədilə yeni inkişaf mərhələsinə start veriləcək.
Qiymət Mahir
tag: Çin,Kənd yolu,Dünya,İnkişaf,Todaypress.tv,