Çində əmək bazarı tarif gərginliyinə görə zəifləyir

Dünya

12.08.2025 16:52

ABŞ ilə Çin arasında davam edən tarif qarşıdurması Çinin əmək bazarına mənfi təsir göstərir. Şirkətlər əməkhaqqı xərclərini azaltmağa çalışır, daha çox müvəqqəti işçi işə götürülür və bəzi işçilər ödənişsiz məzuniyyətə göndərilir.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Rəsmi statistikaya əsasən, Çində işsizlik 5% ətrafındadır. Lakin iqtisadçılar real vəziyyətin daha ağır olduğunu deyirlər. Qeyri-rəsmi məşğulluq, yüksək vergi yükü və artıq istehsal gücü vəziyyəti daha da çətinləşdirir. İnsanların gəlirləri və gələcəyə inamı azalır, bu da istehlakın zəifləməsinə və pərakəndə satışların düşməsinə səbəb olur.

Eyni zamanda, ABŞ bazarındakı çətinliklər fonunda bir çox Çinli sahibkarlar Avstraliya, Avropa İttifaqı və Cənub-Şərqi Asiya kimi alternativ bazarlara yönəlirlər. 2025-ci ilin iyulunda Çinin ABŞ-yə ixracı 21,7% azalıb, əvəzində Avstraliyaya ixrac 14,8%, Aİ-yə 9,2%, ASEAN ölkələrinə isə 16,6% artıb.

Türkan İsgəndərli

tag: ABŞ,Çin,Şirkət,İqtisadiyyat,Todaypress.tv,