Çin nəhəng su elektrik stansiyasının tikintisinə başladı

Dünya

19.07.2025 22:45

Çin Yarlunq Tsanqpo çayı üzərində nəhəng su elektrik stansiyasının tikintisinə başlayıb.

TodayPress xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.

Cənubi Asiyanın ən böyük su arteriyalarından olan Yarlunq Tsanqpo çayı Hindistan və Banqladeş ərazisindən keçərək Qanq çayına birləşir. Bu çay Hindistanda Brahmaputra, Banqladeşdə isə Camuna adlanır.

Tikinti layihəsinin açılış mərasimində Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Tsian da iştirak edib. Bildirilib ki, stansiyanın istehsal etdiyi elektrik enerjisi regiondan kənar əraziləri təmin etməklə yanaşı, yerli ehtiyaclara da cavab verəcək.

Layihəni həyata keçirən Power China tikinti şirkətinin hesablamalarına görə, su elektrik stansiyası illik 300 milyard kilovatsaat elektrik enerjisi istehsal etmək gücünə malik olacaq. Hidrotexniki qurğunun ümumi dəyəri 167,1 milyard dollar olaraq qiymətləndirilir.

Layihə tamamlandıqda, Çinin Hubei əyalətində Yantze çayı üzərində yerləşən və hazırda dünyanın ən böyük elektrik stansiyası hesab olunan “Üç dərə” bəndini geridə qoya bilər.

tag: Çin, Tibet, Su, Elektrik Stansiyası, todaypress.tv,