Çin 28 milyon enerji doldurma məntəqəsi quracaq

Dünya

16.10.2025 04:00

Çin hökuməti ölkə üzrə elektromobil infrastrukturunu genişləndirmək və bu sahədə innovasiyaları sürətləndirmək məqsədilə yeni üçillik fəaliyyət planını təsdiqləyib.

TodayPress TV xəbər verir ki, plan Milli İnkişaf və İslahat Komissiyası ilə digər dövlət qurumları tərəfindən birgə hazırlanıb.

Sənəddə enerji doldurma şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi, xidmət keyfiyyətinin artırılması və texnoloji yeniliklərin təşviqi nəzərdə tutulur.

2027-ci ilin sonuna qədər ölkə üzrə 28 milyon enerji doldurma məntəqəsinin yaradılması, ictimai güc tutumunun isə 300 milyon kilovatı keçməsi planlaşdırılır. Bu göstərici 80 milyondan çox elektromobilin ehtiyacını ödəməyə imkan verəcək.

Plan şəhərlərdə sürətli doldurma məntəqələrinin modernləşdirilməsini, magistral yollar boyunca infrastrukturun yenilənməsini və kənd yerlərində çatışmazlıqların aradan qaldırılmasını da əhatə edir.

Hazırda Çində 17,35 milyon enerji doldurma məntəqəsi mövcuddur ki, bu da ötən illə müqayisədə 53,5 faiz artım deməkdir.

Qiymət Mahir

TodayPress TV

tag: Çin ,Elektromobil ,Doldurma məntəqəsi,Plan,Todaypress.tv,