Cənubi Koreyadan Yaponiyaya xəbərdarlıq: “Haqqsız iddialardan dərhal əl çəkin”
Dünya
15.07.2025 11:34
Cənubi Koreya hökuməti Yaponiyanın Dokdo adaları üzərindəki suverenlik iddialarına sərt etiraz edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
“Hökumət Yaponiyanın Dokdo adalarına dair haqsız suverenlik iddialarını qətiyyətlə rədd edir”, – deyə bəyanatda qeyd olunub.
Açıqlamada vurğulanıb ki, həmin adalar tarix, coğrafiya və beynəlxalq hüquq baxımından Cənubi Koreyaya məxsusdur və Yaponiyanın bu iddialardan dərhal əl çəkməsi tələb olunur. Eyni zamanda Seul Tokionun “istənilən təxribatına” sərt cavab veriləcəyi barədə xəbərdarlıq edib.
Məlumata görə, Cənubi Koreya hökuməti bu məsələ ilə bağlı gün ərzində Yaponiyanın Seuldakı səfirliyindən bir rəsmini çağıraraq rəsmi etirazını təqdim etməyi planlaşdırır.
Qeyd edək ki, Yaponiya Dokdo adalarını “Takeshima” adlandırır və bu torpaqların öz ərazisi olduğunu “ağ kitab” adlı müdafiə sənədində qeyd etmişdi.
Sözügedən adalar 0,2 kvadratkilometr sahəyə malikdir və Cənubi Koreya 1954-cü ildən bəri burada təhlükəsizlik qüvvələri yerləşdirir.
Qiymət Mahir
tag: Cənubi Koreya,Yaponiya,Dokdo ,Ada,Todaypress.tv,