Cənubi Afrika ABŞ-yə yeni ticarət təklifi göndərəcək
Dünya
12.08.2025 13:58
Cənubi Afrika Respublikası (CAR) ABŞ ilə ticarət münasibətlərini yaxşılaşdırmaq üçün yeni təklif irəli sürəcək.
TodayPress TV xəbər verir ki, bu barədə CAR-ın ticarət naziri Parks Tau açıqlayıb.
Avqustun 1-dən etibarən Cənubi Afrikadan ABŞ-yə ixrac edilən mallara 30 faizlik idxal rüsumları tətbiq olunub. Bunun cavabında CAR nümayəndələri Ağ Evə yeni, düzəliş edilmiş ticarət sazişi təqdim etmək niyyətindədirlər. Yeni təklif bu ilin may ayında göndərilmiş əvvəlki sənədə əsaslanır və ABŞ-nin 2025-ci il üzrə Milli Ticarət Qiymətləndirmə Hesabatında qeyd edilən problemləri nəzərə alır.
ABŞ Prezidenti Donald Tramp idxal tariflərini "İsveçrə ordusunun diplomatiya bıçağı" kimi istifadə edir. Yəni, Ağ Ev bu tariflərdən yalnız iqtisadi deyil, həm də geosiyasi və strateji məqsədlər üçün istifadə edir. Bunlara hərbi bazalar və iri şirkətlərin maraqları kimi məsələlər daxildir.
Cənubi Afrika yeni təkliflə bu tariflərin azaldılmasına və ABŞ ilə münasibətlərin sabitləşdirilməsinə çalışır.
Türkan İsgəndərli
tag: Cənubi Afrika,ABŞ,Ticarət,Ağ Ev,Todaypress.tv,