Britaniyada nüvə silahı anbarında sızmalar baş verdi
Dünya
09.08.2025 19:45
Britaniya hakimiyyəti, Şotlandiyanın "Loch Long" bölgəsində yerləşən nüvə silahı anbarında bir sıra radioaktiv sızmalar baş verdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatı "The Guardian" yayıb.
Məlumata görə, iki sızma 2010-cu ildə, üçüncüsü isə 2019-cu ildə baş verib. Hökumət bu məlumatların açıqlanmasının qarşısını almağa çalışsa da, Şotlandiyanın İnformasiya Komissarı David Hamiltonun əmri ilə sızma barədə məlumatlar yalnız altı il sonra ictimaiyyətə təqdim olunub.
Hadisələr Qlazqo yaxınlığındakı Kulportda, Trident nüvə sualtı qayıqları üçün başlıqların saxlandığı anbarda qeydə alınıb. Şotlandiyanın Ətraf Mühitin Mühafizəsi Agentliyi (Sepa) bildirib ki, sızmalar tritiumla çirklənmiş suyun sistemə axıdılması nəticəsində yaranıb. Buna səbəb kimi isə 1500 ədəd köhnə borunun vaxtında dəyişdirilməməsi göstərilib. Borular köhnəlmə səbəbindən partlayıb.
Çirklənmiş suda radioaktivlik səviyyəsi insan sağlamlığı üçün təhlükə yaratmasa da, bu hallar anbarın saxlanmasında ciddi nöqsanlara işarə edir.
Hadisə, Britaniyanın nüvə təhlükəsizliyi sahəsində şəffaflıq və texniki xidmət problemləri ilə bağlı narahatlıqları artırıb.
Türkan İsgəndərli
tag: Britaniya,Şotlandiya,Radioaktiv,Su,Todaypress.tv,