Britaniya Ukraynaya 150 milyonluq hərbi yardım göndərdi

Dünya

21.07.2025 16:34

Böyük Britaniya Müdafiə Nazirliyi bəyan edib ki, bu il üçün nəzərdə tutulmuş 700 milyon funt sterlinqlik hərbi yardım paketindən 150 milyon funt sterlinq dəyərində hava hücumundan müdafiə sistemləri və artilleriya mərmiləri artıq Ukraynaya çatdırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb. 

Nazirliyin açıqlamasına görə, vəsaitin bir hissəsi həm də yeni pilotsuz uçuş aparatlarının (PUA) alınmasına, eləcə də artıq göndərilmiş silahların təmiri və texniki xidmətinə yönəldiləcək. Bu bəyanat, 21 iyul tarixində “Ramşteyn” formatında keçirilən Ukraynaya hərbi yardım üzrə Əlaqələndirmə Qrupunun virtual toplantısı ərəfəsində verilib.

Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib ki, London ABŞ Prezidenti Donald Trampın Ukrayna üçün Amerika silahlarının alınması planını dəstəkləyir. “Böyük Britaniya hökuməti bu siyasəti dəstəkləyir və onun uğur qazanması, Ukraynanın mübarizəsinin gücləndirilməsi və Avropanın təhlükəsizliyinin təmin olunması üçün üzərinə düşəni edəcək”, - deyə nazir vurğulayıb.

Nazirlik son altı ay ərzində Ukraynaya 50 min hərbi təyinatlı PUA göndərildiyini, əlavə olaraq isə Böyük Britaniya və Latviya rəhbərliyi ilə qurulan koalisiya çərçivəsində daha 20 min PUA-nın təhvil verildiyini də bildirib.

Töhfə Səməd

tag: Böyük Britaniya,Müdafiə Nazirliyi,Yardım,Hərbi,Ukrayna,Todaypress.tv,