Böyük Britaniya Azərbaycan və Ermənistanla bağlı qərar verdi
Dünya
14.10.2025 11:15
Böyük Britaniya Azərbaycan və Ermənistana silah embarqosunu ləğv edib
TodayPress TV xəbər verir ki, Böyük Britaniya parlamentinin saytında yayılan yazılı bəyanata görə, Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti Azərbaycan və Ermənistana tətbiq olunan silah embarqosunun ləğv edildiyini açıqlayıb.
Dautinin sözlərinə görə, bu qərar Cənubi Qafqazda sülh prosesinə dəstək məqsədi daşıyır. Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli sammit nəticəsində sülh sazişi paraflanıb və bəyannamə imzalanıb.
Böyük Britaniya bildirib ki, embarqonun aradan qaldırılması ölkələr arasında təhlükəsizlik əməkdaşlığını gücləndirməyə və suverenliyi qorumağa kömək edəcək. İxrac lisenziyaları ciddi meyarlara uyğun fərdi qaydada nəzərdən keçiriləcək.
Dautinin sözlərinə görə, Böyük Britaniya bölgədə vəziyyəti izləyəcək və sülh, təhlükəsizlik və firavanlıq üçün ABŞ, AB və digər tərəfdaşlarla əməkdaşlığı davam etdirəcək.
Jalə Rövşən
tag: Böyük Britaniya ,Ermənistan ,Azərbaycan,Silah embarqosu,Todaypress.tv,
