BMT: Qəzzada qidalanma problemi yaşayan uşaqların sayı iki dəfə artıb

Dünya

16.07.2025 10:07

Birləşmiş Millətlər Təşkilatının (BMT) verdiyi məlumata görə, mart ayında Qəzza zolağına ərzaq yardımının çatdırılmasına tətbiq edilən məhdudiyyətlərdən sonra bölgədə qida çatışmazlığından əziyyət çəkən uşaqların sayı iki dəfə artıb.

TodayPress TV xəbər verir ki, bu barədə "AP" məlumat yayıb.

İsrail bu məhdudiyyətləri HƏMAS qruplaşmasına təzyiq vasitəsi kimi tətbiq etdiyini və onların Qəzzadakı girovları azad etməsini hədəflədiyini bildirib.

May ayından etibarən İsrail məhdud şəkildə yardım karvanlarının bölgəyə daxil olmasına icazə verir. Eyni zamanda, ABŞ-nin dəstəklədiyi və tənqidlərə məruz qalan “Gaza Humanitarian Foundation” adlı özəl yardım fondu müəyyən yardım məntəqələrində qida paylayır.

BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi – UNRWA-nın yaydığı məlumata görə, iyun ayında klinikalarda 5 yaşadək təxminən 16 min uşaq müayinədən keçirilib və onların 10,2 faizində kəskin qida çatışmazlığı aşkarlanıb. Müqayisə üçün qeyd olunub ki, mart ayında yoxlanılmış 15 minə yaxın uşaq arasında bu göstərici 5,5 faiz olub.

Töhfə Səməd

tag: BMT,Qəzza,HƏMAS ,Gaza Humanitarian Foundation,Todaypress.tv,