BMT ABŞ və Aİ-də islamafobiyanın artdığını açıqladı
Dünya
23.05.2025 18:14
Avropa İttifaqının (Aİ) paytaxtlarında və ABŞ-də islamofobiyanın artdığı bir dövrdə, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Anxel Moratinos bildirib ki, BMT-nin əsas vəzifələrindən biri islamın mahiyyətini dünyaya izah etməkdir.
TodayPress TV xəbər verir ki, o, bu fikirləri "TASS" informasiya agentliyinə verdiyi müsahibədə səsləndirib.
"Avropa İttifaqının əsas paytaxtlarında, hətta Birləşmiş Ştatlarda belə islamofobiya güclənir. Niyə? Çünki islamın nə olduğu barədə kifayət qədər məlumat yoxdur. Çoxlu manipulyasiya və anlaşılmazlıq mövcuddur" deyə Moratinos qeyd edib.
Moratinos, eyni zamanda, BMT baş katibinin islamofobiya ilə mübarizə üzrə xüsusi elçisi təyin olunub. Yeni vəzifəsində qarşıya qoyduğu əsas məqsədi belə ifadə edib:
"Mənim missiyam – bütün əsas tərəflərlə işləyərək, islamın nə olduğunu izah etməkdir. İslam – xristianlıq və ya yəhudilik kimi bir inanc sistemidir. Bu, daxili mənəviyata aparan bir yoldur".
Moratinos vurğulayıb ki, islamofobiyanın güclənməsi artıq danılmaz bir faktdır və bu, beynəlxalq ictimaiyyəti ciddi şəkildə narahat etməlidir. Onun sözlərinə görə, bu problem təkcə Avropada deyil, Pakistan və Hindistan arasında da müşahidə olunur.
Bununla yanaşı, Moratinos müsbət nümunələrə də diqqət çəkib. O qeyd edib ki, İndoneziya və Asiyanın şərq bölgələrində islam inkişaf edir, dəyişir və yeni reallıqlara uyğunlaşır. Bu isə, onun fikrincə, islamın sülhsevər və adaptiv mahiyyətini nümayiş etdirir.
Töhfə Səməd
tag: Avropa İttifaqı,ABŞ,BMT,todaypress.tv,