Bloomberg: "Avropa Ukraynaya yardımları dayandıra bilər"

Dünya

22.07.2025 10:30

Ukraynada korrupsiya problemi hələ də əsas zəif nöqtə olaraq qalır və bu, ölkəyə Avropadan hərbi yardımın kəsilməsinə gətirib çıxara bilər.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin şərhçisi Mark Çempion yazıb.

O, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Ukrayna Milli Antikorrupsiya Bürosunda (NABU) aparılan axtarışlara münasibət bildirib.

“Məmurlar korrupsiyada ittiham olunduqları zaman, onlara qarşı çıxan qurumlara və fəallara qarşı reydlər keçirməyə başlayırlarsa, bu, heç vaxt yaxşı əlamət sayılmır”, - deyə Çempion vurğulayıb. Onun fikrincə, Ukrayna Avropa vergi ödəyicilərindən müdafiə üçün milyardlarla avro istədiyi bir vaxtda belə davranışlara yol vermək lüksünə sahib deyil.

Jurnalist, NABU-da aparılan axtarışları və Antikorrupsiya Mərkəzinin rəhbəri Vitali Şabuninin saxlanılmasını siyasi motivli addımlar kimi qiymətləndirib. O, bu hadisələrin Ukraynanın hərbi ehtiyaclarına birbaşa və dağıdıcı təsir edə biləcək daha geniş korrupsiya problemini simvolizə etdiyini bildirib.

Töhfə Səməd

tag: Ukrayna,Korrupsiya,Avropa,Yardım,Todaypress.tv,