İranda 22 ildə 11 ərini zəhərləyən qadına ölüm cəzası verildi

Dünya

11.08.2025 16:55

İranın Mazandaran əyalətindən olan 56 yaşlı Gülsüm Əkbəri, 22 il ərzində 11 ərini zəhərləyərək qətlə yetirdiyini etiraf edib və hazırda ölüm cəzası ilə üz-üzədir.

TodayPress TV xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

İstintaqın versiyasına görə, Əkbəri 2000-ci ildən 2023-cü ilədək müxtəlif şəhərlərdə yaşlı və varlı kişilərlə evlənərək onların cehiz və mülklərini ələ keçirmək məqsədilə onları zəhərləyib. Qurbanların ölümü uzun müddət təbii səbəblərlə izah edildiyi üçün cinayətlər gizli qalıb.

Qadının istifadə etdiyi üsul təzyiq və şəkər dərmanlarının, sakitləşdiricilərin və sənaye spirtinin qarışığı ilə kişiləri tədricən zəhərləmək olub.

Əkbərinin 2023-cü ildə sonuncu qurbanı 82 yaşlı Qulamrza Babayi vəfat etdikdən sonra onun keçmiş davranışları ilə bağlı şübhələr yaranıb və ailə polisə müraciət edib. Araşdırmalar nəticəsində qadın saxlanılıb.

Cinayət işində 11 qətl və 1 adam öldürməyə cəhd faktı yer alır. Hadisə ilə əlaqəli 45-dən çox iddiaçı qadının ölüm cəzasına məhkum olunmasını tələb edir.

Qadının müdafiə tərəfi onun psixiatrik müayinədən keçməsi üçün müraciət etsə də, zərərçəkmişlərin ailələri qadının cinayətləri planlı şəkildə törətməsini əsas gətirərək bu tələbi rədd edib.

Prokurorluğun məlumatına görə, Əkbəri mərhum ərlərindən aldığı əmlakı qızının adına keçirib.

Türkan İsgəndərli

tag: İran,Qadın,Cinayət,Zəhər,Todaypress.tv,