Avstriyalı nazir: "Aİ-nin mövcudluğu sual altındadır"
Dünya
25.05.2025 18:00
Avropa İttifaqı (Aİ) dövlətləri ABŞ prezidenti Donald Tramp administrasiyası ilə aparılan danışıqlarda Amerikanın tətbiq etdiyi rüsumlarla bağlı problemi həll etməlidirlər, əks təqdirdə bu, ittifaqın mövcudluğuna təhlükə yarada bilər.
TodayPress TV xəbər verir ki, bu barədə Avstriyanın əmək və iqtisadiyyat naziri Volfqanq Hattmansdorfer “Kurier” qəzetinə müsahibəsində bildirib.
“Tramp hələ də qeyri-proqnozlaşdırılandır və bu, bir daha təsdiqləndi. Bu səbəbdən Aİ-nin bir cəbhə kimi çıxış etməsi və danışıqlar masasında həll yolu tapması daha da vacibdir. Əgər Tramp bu məsələdə ciddidirsə, Aİ ticarət siyasətində qarşı tədbirlər görməli və bunları xüsusilə texnologiya və rəqəmsal xidmət sahəsində fəaliyyət göstərən şirkətlərə tətbiq etməlidir. Aİ "yatmış gözəl" olmamalıdır” deyə nazir vurğulayıb.
Xatırladaq ki, Tramp daha əvvəl iyunun 1-dən etibarən Aİ-yə qarşı 50% gömrük rüsumları tətbiq etməyi təklif etmişdi. Bunun səbəbini isə Avropa İttifaqı ilə ticarət danışıqlarının çətinliyi ilə izah etmişdi. Eyni zamanda Tramp qeyd edib ki, əgər Avropa şirkətləri istehsallarını ABŞ ərazisində həyata keçirsələr, rüsum ödəməkdən azad olunacaqlar.
Trampın sözlərinə görə, Avropa İttifaqının yaradılmasının əsas məqsədlərindən biri ABŞ üzərində ticarətdə üstünlük qazanmaq olub. O, həmçinin ABŞ-nin Aİ ilə ticarətdə 250 milyard dollarlıq kəsirə malik olduğunu və bunun qəbulolunmaz sayıldığını bildirib.
Töhfə Səməd
tag: Avropa İttifaqı ,ABŞ, Donald Tramp,Rüsum,todaypress.tv,