Avropa İttifaqı Rusiya neftini mərhələli şəkildə dayandırmağa razılaşdı

Dünya

08.10.2025 18:19

Aİ 2028-ci ilə qədər Rusiya nefti və qazından imtina etməyə razılaşıb.

TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri 2028-ci ilə qədər Rusiya nefti və qazının idxalını tam dayandırmaq barədə razılığa gəliblər.

Məlumata görə, oktyabrın 8-də keçirilən qapalı iclasda səfirlər Rusiyanın enerji resurslarından uzaqlaşma planının icrasını davam etdirməyə razılaşıblar və qanun layihəsinin oktyabrın 20-də təsdiqlənməsi üçün nazirlərə göndərilməsinə qərar veriblər.

Mənbələr bildiriblər ki, Macarıstan və Slovakiyanın tənqidlərinə baxmayaraq, demək olar ki, bütün üzv ölkələr planı dəstəkləyib. Hazırda texniki detallar – xüsusilə mayeləşdirilmiş təbii qazın (LNG) Rusiya mənşəli olub-olmamasının yoxlanılması mexanizmi – müzakirə olunur.

Fransa və İtaliya planı dəstəkləyib, lakin qadağaya əməl olunmasına nəzarət mexanizmlərinin dəqiqləşdirilməsini təklif ediblər.

Qeyd edək ki, Avropa Komissiyası 19-cu sanksiyalar paketi çərçivəsində 2026-cı ilə qədər Rusiyadan LNG idxalını tam qadağan etməyi təklif edib. Əvvəlki plana əsasən, Aİ 2027-ci ilə qədər bu yanacağın alınmasını dayandırmağı nəzərdə tuturdu.

Jalə Rövşən

TodayPress TV

tag: Avropa İttifaqı,Rusiya nefti,Fransa ,italiya ,Todaypress.tv,