Almaniya xalqı AfD-nin qadağan olunmasına qarşıdır
Dünya
20.07.2025 12:20
Almaniyada keçirilən sorğuya əsasən, əhalinin əksəriyyəti sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasının qadağan olunmasına qarşı çıxır.
TodayPress TV xəbər verir ki, bu barədə "Frankfurter Allgemeine Zeitung" qəzeti "Allensbach" İctimai Rəy İnstitutunun sorğusuna istinadən məlumat yayıb.
Respondentlərin 52 faizi qadağaya qarşı, 27 faizi isə lehinə olduğunu bildirib. Şərqi Almaniyada bu rəqəm 65 faizə, Qərbi Almaniyada isə 49 faizə çatır.
Respondentlərin 54 faizi AfD-ni sağ radikal kimi dəyərləndirsə də, yalnız 5 faizi partiya tərəfdarları haqqında eyni fikirdədir. Çoxları AfD-nin qadağan olunması təşəbbüsünü digər partiyaların siyasi rəqiblərdən qurtulmaq cəhdi kimi qiymətləndirib.
Qeyd edək ki, AfD-nin qadağan olunması məsələsi Almaniya daxili kəşfiyyat xidmətinin partiyanı radikal kimi təsnif etməsindən sonra gündəmə gəlib. Lakin hüquqi mübahisələr səbəbilə bu proses müvəqqəti dayandırılıb.
Türkan İsgəndərli
tag: Almaniya,Sorğu,AfD,Respondent,Todaypress.tv,