Almaniya uşaqların sosial şəbəkələrə çıxışını məhdudlaşdırmaq istəyir
Dünya
09.06.2025 11:10
Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti tətbiq olunması təklif edilib. Əsas məqsəd onların psixi sağlamlığını qorumaq və internet asılılığını azaltmaqdır.
TodayPress TV xəbər verir ki, bu barədə “Tagesschau” məlumat yayıb.
Ölkənin ədliyyə naziri Stefanie Hubiq sosial media istifadəçiləri üçün dəqiq yaş həddi müəyyənləşdirilməsinin vacibliyini bildirib. Onun fikrincə, bu, uşaqların onlayn mühitin mənfi təsirlərindən uzaq, sağlam şəkildə inkişafına şərait yaradacaq.
“Uşaqlar və yeniyetmələr kibertəzyiqlərdən, özünü ifadə etmə təzyiqindən və ekran asılılığından qorunmalıdır. Bu cəmiyyətin məsuliyyətidir”, – deyə Hubiq vurğulayıb.
Nazirin sözlərinə görə, yaş məhdudiyyəti valideyn nəzarətini asanlaşdıracaq, ailələrdəki gündəlik gərginliyi azaldacaq və uşaqların şəxsi məkanını qoruyacaq.
Stefanie Hubiq, həmçinin qeyd edib ki, bu cür məhdudiyyətlərin tətbiq olunduğu digər ölkələrdə məktəblərdə zorakılıq halları azalıb, uşaqlar daha diqqətli və sosial baxımdan fəal olublar.
Qiymət Mahir
tag: Almaniya,Uşaq,İnternet,Yaş məhdudiyyəti,todaypress.tv,