Almaniya naziri: "Avropanı “mis böhranı” gözləyir"
Dünya
04.09.2025 18:30
Almaniyanın iqtisadiyyat və energetika naziri Katerina Rayxe Avropada mis qıtlığının yarana biləcəyi barədə xəbərdarlıq edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Rayxe Avropa İttifaqını metallurgiya zavodlarına dəstək verməyə və mis qırıntılarının Çinə satışını məhdudlaşdırmağa çağırıb:
“Çinlilər bazarda mis qırıntılarını böyük həcmdə alırlar. Almaniyanın iri misəritmə zavodları artıq xammal əldə edə bilmir”.
Nazirin sözlərinə görə, ixrac məhdudiyyətləri Pekinlə yeni ticarət münaqişələrinə səbəb ola bilər. Lakin o hesab edir ki, bu məsələ Avropa iqtisadiyyatının möhkəmləndirilməsi konsepsiyasının bir hissəsinə çevrilməlidir.
Məlumata görə, son beş ildə Çin mis qırıntılarının idxalını kəskin şəkildə artırıb. 2025-ci ildə isə bu tendensiya daha da güclənib. ABŞ-dən birbaşa tədarük dayandırıldıqdan sonra Çin xammalı digər ölkələrdən, o cümlədən Avropadan almağa başlayıb. Yalnız cari ilin ilk yeddi ayında Çin Aİ-dən 204 min ton mis qırıntısı alıb ki, bu da ötən illə müqayisədə 3,5 faiz çoxdur.
Qiymət Mahir
tag: Almaniya,Mis,Çin,ABŞ,Todaypress.tv,