AK: Rusiya enerji resurslarının alışı qadağan ediləcək
Dünya
05.09.2025 15:57
Avropa Komissiyası (AK) Rusiya enerji resurslarının Avropa İttifaqı (Aİ) ölkələri tərəfindən alınmasına daimi qadağa qoymağı planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə Aİ-nin energetika üzrə komissarı Dan Yorqensen Kopenhagendə keçirilən Aİ energetika nazirlərinin qeyri-rəsmi toplantısında jurnalistlərə açıqlama verib.
“Avropa Komissiyasının mövqeyi aydındır – Aİ ölkələri Rusiya enerji resurslarının idxalını mümkün qədər tez dayandırmalıdır. Hətta müharibədən sonra da biz rus enerji resurslarını idxal etməməliyik. Bu müvəqqəti sanksiya deyil, bu əbədi qərardır. Qərar qəbul edilən kimi Avropa artıq Rusiya qazının bir molekulunu belə almayacaq”, - deyə komissar vurğulayıb.
Yorqensenin sözlərinə görə, Avropa Rusiya resurslarından asılılıq probleminə təcili həll tapmalıdır. O əlavə edib ki, bir neçə ay əvvəl rus qazının, o cümlədən maye təbii qazın (LNG) tamamilə qadağan edilməsi barədə təklif irəli sürüb və hazırda bu məsələ Avropa Parlamenti və üzv dövlətlər tərəfindən nəzərdən keçirilir.
Energetika üzrə komissar bildirib ki, ABŞ da bu mövqeyi dəstəkləyir:
“Vaşinqtondan gələn siqnal da eynidir – onlar da istəyirlər ki, biz bu idxalı dayandıraq”.
Töhfə Səməd
tag: Avropa Komissiyası,Rusiya ,Avropa İttifaqı ,Enerji resursları,Todaypress.tv,