Aİ Ukraynanın üzvlüyünü sürətləndirmək üçün qaydaları dəyişməyi planlaşdırır
Dünya
20.10.2025 10:30
"Avropa İttifaqı yeni üzvlərin qəbul prosedurunu islah etmə imkanını nəzərdən keçirir ki, bu da Ukraynanın inteqrasiyasını sürətləndirə bilər".
TodayPress TV xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Nəşrin yazdığına görə, təkliflərdən biri yeni ölkələrin əvvəlcə səsvermə hüququ olmadan Aİ-yə qoşulmasını nəzərdə tutur. Bu, xüsusilə Macarıstanın Baş naziri Viktor Orban kimi liderlərin mövqeyini daha çevik edə bilər və blokun genişlənməsinə imkan verə bilər.
Bildirilib ki, təşəbbüs hələ ilkin müzakirə mərhələsindədir və bütün üzv dövlətlərin razılığını tələb edir. Əsas ideya ondan ibarətdir ki, yeni üzvlər Aİ-nin əksər üstünlüklərindən istifadə edə biləcək, lakin tam hüquqları yalnız əsas institusional islahatlar həyata keçirildikdən sonra əldə edəcəklər.
“Gələcək üzvlər siyasətin əksər sahələrində ixtisaslaşdırılmış çoxluqla qərar qəbul edilməsi həyata keçirilmədikdə veto hüququndan imtina etməyə borclu olacaqlar. Genişlənmə Aİ-nin islahatlarını ayrı-ayrı dövlətlərin bloklaması səbəbindən ləngiməməlidir", - deyə Almaniya Bundestaqının Avropa işləri üzrə komitəsinin sədri Anton Hofrayter vurğulayıb.
Onun sözlərinə görə, bu təşəbbüs Ukrayna, Moldova, Monteneqro və digər namizəd ölkələrə Aİ-nin üstünlüklərindən daha tez istifadə imkanı verəcək.
Hofrayter qeyd edib ki, bu yanaşma artıq Qərbi Balkan ölkələri arasında da müsbət qarşılanır.
Aysel Mətləb
tag: Aİ,Ukrayna,Moldova,Monteneqro ,Hofrayter ,Todaypress.tv,
