Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketini hələ təsdiqləməyib
Dünya
30.08.2025 18:15
Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı nəzərdə tutulan 19-cu sanksiya paketi ilə bağlı hələlik praktik qərarlar qəbul etməyiblər.
TodayPress TV xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Kopenhagendə keçirilən qeyri-rəsmi görüşün nəticələrinə dair açıqlama verib.
“19-cu sanksiya paketi ilə bağlı çox geniş və dolğun müzakirələr apardıq. "Kölgə donanması"na qarşı məhdudiyyətlər, Rusiyanın bank və enerji sektorlarına qarşı ikincil sanksiyalar, ticarət tarifləri və digər məhdudlaşdırıcı tədbirlər gündəmdə idi. Gələn həftə Avropa Komissiyası və Aİ-nin Xarici Fəaliyyət Xidməti tərəfindən hazırlanmış yeni təklifləri üzv ölkələrə təqdim edəcəyəm”, - deyə Kallas bildirib.
Onun sözlərinə görə, görüşdə iştirak edən Britaniya nümayəndələri kriptovalyuta ilə ödənişlərin də sanksiyalara daxil edilməsi ideyasını irəli sürüblər: “Bunun praktikada necə həyata keçiriləcəyini hələ bilmirik, lakin bütün variantları nəzərdən keçirməliyik”.
Kallasın iddiasına görə, Moskva zaman udmağa çalışır və bu səbəbdən Brüssel Rusiyaya təzyiqlərin artırılmasını effektiv yol hesab edir.
Töhfə Səməd
tag: Avropa İttifaqı,Rusiya,Sanksiya,Kaya Kallas ,Todaypress.tv,