Aİ miqrasiya qanunlarını sərtləşdirə bilər

Dünya

14.10.2025 12:36

"Avropa İttifaqının daxili işlər nazirləri oktyabrın 14-də Lüksemburqda toplanaraq miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi ilə bağlı məsələləri müzakirə edəcəklər".

TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" yazıb.

Məlumata görə, üzv ölkələr arasında “dərin fikir ayrılıqları” qərar qəbulunu çətinləşdirə bilər.

Ən mübahisəli mövzulardan biri Aİ ölkələrindən birində miqrantın deportasiyası barədə qərarın digər ölkələr tərəfindən məcburi şəkildə tanınmasıdır. İsveç və Almaniya kimi ölkələr bu qərarların könüllü tanınmasını dəstəkləsə də, bir sıra üzvlər bu yanaşmaya qarşı çıxır.

Digər müzakirə mövzusu “məcburi həmrəylik” adlanan mexanizmdir. Bu sistem bəzi ölkələrdəki miqrasiya təzyiqini azaltmaq üçün sığınacaq axtaranların digər Aİ ölkələrinə yerləşdirilməsini nəzərdə tutur. Lakin Polşa və bəzi digər dövlətlər bu təklifi qəti şəkildə rədd edir.

Avropa Komissiyasının məlumatına görə, hazırda Aİ-də sığınacaq müraciəti rədd edilənlərin yalnız 20 faizi öz ölkələrinə qaytarılır. Bunun səbəbi isə üzv ölkələrin bir-birinin qərarlarını tanımaması və bir sıra dövlətlərin miqrantları geri almaqdan imtina etməsidir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Aİ,Miqrasiya,Qanun,Müzakirə,Todaypress.tv,